Mirzə Ələkbər Sabir (doğum adı: Ələkbər Zeynalabdin oğlu Tahirzadə; ) — Azərbaycan şairi, inqilabçı-satirik, mütəfəkkir, ictimai xadim və müəllim.
Mirzə Ələkbər Sabir 1862-ci ilin 30 may tarixində Şamaxı şəhərində anadan olmuşdur. O, ilk təhsilini mollaxanada alsa da, sonradan Seyid Əzim Şirvaninin təsis etdiyi yeni üsullu məktəbdə oxumuşdur. Yaradıcılığa erkən yaşlarda başlamış, lirik şeirlərlə bədii fəaliyyətə qədəm qoymuşdur. Mirzə Ələkbər Sabirin ictimai fəaliyyətində "Molla Nəsrəddin" jurnalının rolu böyükdür. O, bu satirik jurnalın əsas müəlliflərindən biri olmuş, geniş oxucu auditoriyasına malik olan bu platformada müntəzəm çıxış edərək maarifçilik ideyalarını, ictimai tənqidi və satiranı birləşdirən dərin məzmunlu əsərlər qələmə almışdır. Eyni zamanda, "Zənbur", "Həyat", "İrşad", "Təzə Həyat", "Dəbistan" kimi dövrünün mühüm nəşrlərində də şeir və publisistik məqalələr ilə çıxış etmişdir. Şair ömrünün son illərində ağır xəstəlik keçirmiş və 1911-ci ildə doğma Şamaxı şəhərində vəfat etmişdir. Onun irsi Azərbaycan ədəbiyyatında maarifçi-demokratik ideyaların daşıyıcısı kimi mühüm yer tutur. Mirzə Ələkbər Sabir Azərbaycan poeziya tarixində yeni satirik üslubun və yeni satirik şeirin banisi hesab olunur. O, satirik şeirlərində sosial bərabərsizliyi, mürtəce dini təbəqəni kəskin şəkildə tənqid etmişdir. Sabir yaradıcılığında xalqı öz hüquqlarını dərk etməyə və mütəşəkkil şəkildə mübarizəyə səsləyən çağırışlar xüsusi yer tutur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Mirzə Ələkbər Sabir Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
Həyatı 30 may 1862-ci ildə Azərbaycanın Şirvan bölgəsinə daxil olan Şamaxı şəhərində anadan olan Sabirin əsl adı Ələkbər Tahirzadədir. "Sabir" sözü "səbr edən" mənasını verir, "Mirzə" isə oxuyub-yazmağı bacaran, təhsil almış şəxslərə hörmət və ehtiram məqsədilə istifadə olunan müraciət formasıdır. Mirzə Ələkbər Sabirin valideynləri Hacı Məşədi Zeynalabdin və Səltənət xanımdır.
Atası Hacı Məşədi Zeynalabdin gənclik illərində ona miras qalan əmlakı və pulu bir müddət qeyri-səmərəli şəkildə xərcləmiş, sonradan isə ailəsini dolandırmaq məqsədilə Şamaxıda kiçik bir baqqal dükanı açmışdı.
Təhsili Hacı Zeynalabdin oğlunun dini təhsil almasını və ruhani bir gələcəyə sahib olmasını arzulayırdı. Bu səbəbdən Sabiri 7–8 yaşlarında yaşadıqları məhəllədə yerləşən dini təhsil müəssisəsi olan "Mollaxana"ya yazdırır. Burada dörd il təhsil alan Sabir, şeir oxumaq və yazmaq imkanının olmaması səbəbilə təhsildən narazı qalırdı. Çünki Mollaxanada Qurani-Kərimi öyrənmədən başqa mətnlərin oxunmasına icazə verilmirdi. Bu narazılıq onun dərslərdə intizamsız davranmasına səbəb olmuş və bu səbəbdən bir neçə dəfə müəllimi tərəfindən cəzalandırılmışdır.
12 yaşına çatdıqda, Azərbaycan maarifçiliyinin görkəmli nümayəndələrindən olan Seyid Əzim Şirvani tərəfindən açılmış "Üsuli-Cədid" məktəbində təhsil almağa başlayır. Bu məktəbdə Sabir yalnız dini təhsil deyil, eyni zamanda dünyəvi elmlərlə də tanış olmuşdur. Burada Azərbaycan türkcəsi, fars dili, ərəb dili, rus dili, təbiət elmləri, tarix, coğrafiya, hesab, şəriət və klassik ədəbiyyat üzrə dərslər almışdır.Bu məktəb onun şairlik bacarıqlarının inkişafına kömək etmişdir.
Sabirin ədəbi istedadı məhz bu məktəbdə üzə çıxır. Müəllimi Seyid Əzim Şirvani onun şeirlərinə maraq göstərərək, ədəbiyyata olan marağını artırmaq üçün əlavə tapşırıqlar verirdi. Sabir ilk dəfə fars dilindən Sədi Şirazinin "Gülüstan" əsərindən manzum hekayələri tərcümə etməklə yaradıcılıq fəaliyyətinə başlamışdır. Şeirlərinə görə Seyid Əzim onun bacarığını yüksək qiymətləndirir və ona Nizaminin "Xəmsə"toplusunu hədiyyə edir. Sabir bu əsərə xüsusi önəm vermiş və sonralar ondan tərcümələr etmişdir.
Təxminən iki il bu məktəbdə təhsil aldıqdan sonra atası Hacı Məşədi Zeynalabdin onun ticarətlə məşğul olmasını istəyərək Sabiri məktəbdən çıxarır və öz baqqal dükanında çalışmağa məcbur edir. Lakin Sabir boş vaxtlarında oxumağa və şeir yazmağa davam edir. Bu səbəbdən atasının narazılığı və təzyiqləri ilə qarşılaşır, hətta bir dəfə şeir dəftəri atası tərəfindən cırılır. Bu hadisə Sabiri çox sarsıdır. O, evi tərk edib başqa bölgələrə getmək istəsə də, sonradan bu fikrindən daşınır.
Bütün bu çətinliklərə baxmayaraq, Sabir ədəbiyyata olan marağını davam etdirir və Seyid Əzim Şirvaninin rəhbərlik etdiyi "Beytüs-səfa" ədəbi məclisinin iştirakçılarından biri olur. Burada klassik ədəbiyyatla yaxından tanış olmuş, ilk şeirlərində müəlliminin təsiri aydın şəkildə hiss olunmuşdur. Bu dövrdə özünə "Sabir" təxəllüsünü seçir və 21 yaşına qədər atasının dükanında işləməyə davam edir.
"Məclis Məktəbi"ndə oxuduğu illərdə müəlliminin səyahət etdiyi ölkələrlə bağlı təəssüratları onu olduqca maraqlandırır. Buna görə də 1884-cü ildə müqəddəs yerləri və müxtəlif Türk-İslam mədəniyyətlərini görmək məqsədilə Şamaxıdan yola çıxır. Bu səyahət əsnasında Nişapur, Səbzivar, Xorasan, Buxara və Səmərqənd kimi mühüm mədəniyyət mərkəzlərinə səhayət edir. 1885-ci ildə Şamaxıda vəba epidemiyası olduğunu eşidən Sabir, səyahətini yarımçıq qoyaraq Şamaxıya geri qayıtmalı olur. Lakin 1885–1886-cı illərdə yarımçıq qalan səyahətini davam etdirən Sabir, ikinci səyahətində Orta Asiyanın önəmli mərkəzlərindən Aşqabad və Mərv şəhərlərini ziyarət edir. Həmədan vilayəti üzərindən Kərbəlaya keçmək istəyən Sabir, atasının vəfat xəbərini alaraq vətəninə qayıdır.
Sabir 1887-ci ildə Billurnisə xanımla evlənir. Bu evlilikdən beş il ərzində səkkiz uşaq dünyaya gəlir. 1908-ci ildə bir oğlu olur və adını Məhəmməd Səlim qoyur. Məhəmməd Səlim ailənin yeganə oğlan övladıdır. Ailəsi böyüdükcə şairin problemləri də artır. 8 qız və 1 oğul ilə geniş bir ailəyə sahib olan Sabir, sabunçuluqla məşğul olur. Lakin yenə də dolanışıq çətinlikləri yaşayır və həyatını maddi çətinliklərlə mübarizə apararaq keçir.
Sabirin Türk-İslam coğrafyasına etdiyi səfərlər onun daha sonra yazacağı şeirlər üçün zəmin yaratmışdır. Bu səyahətlərində Türk və İslam ölkələrinin içində olduğu vəziyyəti, oradakı insanların yaşam tərzini müşahidə edir. Atasının ölümündən sonra gənc yaşda ailəsinin dolanışıq yükünü çiyinlərinə götürən Sabir, atasının dükanını işlətməyə çalışsa da bu işdə çox uğurlu ola bilmir. Buna görə dükanı bağlayır və sabun istehsal edib satan qardaşının yanına gedir.
Salman Mümtaz bir yazısında, Sabirin sabunçuluq ticarəti ilə bağlı bir xatirəsinə toxunur. Şairin, 1893 (Hicri təqvimə görə 1311)-ci ildə Aşqabada səfər etdiyini və burada Şamaxılı Teymur Səmədovun karvansarayında qaldığını yazır. Sabirin bu ziyarətində ticarətlə məşğul olduğunu qeyd edən Salman Mümtaz, şamaxılı ortağı oldunu bildirir. Lakin çox keçmədən şəriki tərəfindən aldadılır. Saatını və yeganə varlığı olan xalçasını sataraq Aşqabaddan Xorasana gedir.
1900-cü ildə ailənin dolanışığı daha da çətinləşir. Şair və qardaşı Şamaxıdan Məşhədə köçməyə qərar verirlər. Xorasan bölgəsində olan şamaxılı tacir Hacı Məcid onlara Məşhədə köçmələrini və oradan şam gətirmələrini tövsiyə edir. Nəticədə onlar hər şeylərini satıb şam alırlar və Məşhədə gedirlər. Orada kiçik bir dükan açırlar. İki il burada qalırlar, lakin burada da dolanışıq çətinlikləri bitmir. 1902-ci ildə Şamaxıya qayıdırlar. Elə həmin il Şamaxıda baş verən zəlzələdə Sabirin də evi dağılır. Bütün bu maddi sıxıntılar içərisində Sabir yenə də şeirdən və sənətdən uzaqlaşmır.Sabir "Üç yüz on doqquz idi…" sözləri ilə başlayan mənzuməsində bu dağıntı və faciəni realist poetik tərzdə ətraflı təsvir etmişdir.
İranda tibb təhsilini tamamlayaraq 1901-ci ildə Şamaxıya qayıdan həmşəhərlisi Abbas Səhhət, Şamaxı ziyalılarından olan Ağalıbəy Nəsih və Məhəmməd Tərrahla görüşərək yazdıqları şeirlər barədə söhbətlər edirlər.
XX əsrin əvvəllərindən başlayaraq Sabirin şeirləri mətbuat səhifələrində görünür. 1903-cü ildə "Şərqi-Rus" qəzetində onun şeiri çap olunur. Bir qədər sonra isə o, "Həyat" qəzetində şeir çap etdirir. 1906-cı ildə "Molla Nəsrəddin" jurnalının ən fəal müəlliflərindən biri olur.
Sabir milli tərəqqiyə mane olan qüvvələri "Molla Nəsrəddin", "Həyat" və "İrşad" kimi mətbuat orqanlarında dərc etdiyi satiralar vasitəsilə sərt şəkildə ifşa edirdi. Şeirlərini gizli imzalarla yazmasına baxmayaraq, istər Şamaxıda və Bakıda, istərsə də Azərbaycanın başqa yerlərində və İranda bir çox irticaçılar şairin əsərlərini pisləyir, onun yazdığını oxuyanları kafir elan edirdilər. Bu amillər şairi ehtiyatlı olmağa vadar edir, 1907-ci ilin fevral ayından etibarən müəyyən müddət üçün mətbu fəaliyyətini azaldaraq daha çox sahibkarlıqla məşğul olur. Belə ki, 1907-ci ilin fevralın 12-dən iyunun 15-dək onun məqalələri mətbuatda yayımlanmamışdır.
1907-ci ilin əvvəlində Sabir sabun istehsalını tərk edərək mətbuat və maarif sahəsində fəaliyyətini davam etdirməyə və şeir yaradıcılığına daha ciddi şəkildə yanaşmağa qərar verir. Bakıya gəlib "İrşad" qəzetinin redaksiyasında korrektor kimi çalışır, eyni zamanda müəllimlik imtiyazı əldə etmək üçün imtahana hazırlaşır. Qori Müəllimlər Seminariyasında çalışan dostlarının məktublarından məlum olur ki, seminariyanın Azərbaycan şöbəsində müəllim vəzifəsi boşalacaq və onlar Sabirə bu vəzifəni tutmaqda yardım etməyə hazırdırlar.
Müəllimlik fəaliyyəti və Ümid məktəbi 1908-ci il aprelin 11-də Bakı valiliyi tərəfindən təşkil edilən müəllimlik imtahanında iştirak edən Mirzə Ələkbər Sabir uğurlu nəticə əldə edir. O, Tiflisdə yerləşən Mavərayi-Qafqaz Müsəlmanları Ruhani İdarəsi tərəfindən verilən rəsmi şəhadətnamə ilə müəllimlik hüququ qazanır. Lakin Qoridən aldığı məktubda gözlənilən vəzifənin artıq dolduğu bildirildiyindən, seminariyada işləmək ümidini itirir. Nəticədə, Sabir bir müddət Şamaxıdakı məktəblərdən birində köməkçi müəllim kimi dərs deməyə başlayır. Bununla da Sabir bir müddət dolanışığını müəllimliklə təmin edir və maarifçilik ideyalarını tədris yolu ilə həyata keçirməyə başlayır. left|thumb|Əbdürrəhman Tofiq Əfəndizadə, Məhəmməd Hadi və Mirzə Ələkbər Sabir, 1909-cu il Sabir müəllimlik şəhadətnaməsini əldə etdikdən sonra qısa müddət Şamaxıdakı "Üxuvvət" məktəbində dərs deyir. Daha sonra yaxın dostu Abbas Səhhətlə birlikdə yeni bir təhsil müəssisəsi yaratmaq təşəbbüsü ilə çıxış edirlər. Lakin bu təşəbbüs hökumət tərəfindən rədd edilir.
1908-ci ilin sentyabr ayında Sabir hökumət icazəsi ilə Şamaxıda "Ümid məktəbi" adlı yeni bir məktəb açmağa müvəffəq olur. Məktəb qısa müddətdə təxminən 60 şagird toplayır. Burada Sabir daxil olmaqla üç müəllim dərs deyirdi. Məktəbdə Azərbaycan türkcəsi, fars dili, riyaziyyat, coğrafiya, təbiət bilikləri, habelə Quran və şəriət dərsləri tədris olunurdu. Sabir bu məktəbi şagirdlərə təkcə bilik vermək deyil, həm də maarifçilik ideyalarını yaymaq üçün bir vasitə kimi görürdü.
Məktəbin tədris proqramı klassik təhsil modellərindən fərqlənir, Sabirin müəllimi S. Ə. Şirvaninin maarifçi baxışlarına əsaslanırdı. O, gələcək nəslin elmi dünyagörüşlü və cəmiyyətə faydalı şəkildə yetişdirilməsini qarşıya məqsəd qoymuşdu. Lakin məktəbin proqramında yer alan çağdaş yanaşmalar və sosial tənqidlər cəmiyyətin müəyyən dairələrində narazılığa səbəb olmuşdur.
Xüsusilə, Sabirin şeirlərində toxunduğu sosial mövzular – din xadimləri, kəndli və fəhlə sinfinin problemləri kimi məsələlər — dövrün bəzi təbəqələri tərəfindən birmənalı qarşılanmamışdır. Nəticədə Sabir "Müsəlman deyil" kimi ittihamlarla üzləşmiş, bu səbəbdən məktəbə davam edən şagirdlərin sayı azalmış və tədris prosesi dayanmışdır. 1909-cu ildə "Ümid məktəbi" fəaliyyətini dayandırmağa məcbur olmuşdur.
Sabir məktəb və təhsil yanaşmasına yönəlmiş tənqidlərə cavab olaraq bir sıra satirik şeirlər yazmışdır. Onlardan biri – "A Şirvanlılar" – dövrün cəmiyyətində ona qarşı yönəlmiş ittihamlara cavab xarakteri daşıyır. O, bu əsərləri ilə çağdaş və bərabər əsaslı təhsilin tərəfdarı olduğunu ifadə etmişdir.
Bakıdakı fəaliyyəti