Göygöl rayonu (əvvəlki adı: Xanlar rayonu) — Azərbaycan Respublikasında rayon. Mərkəzi Göygöl şəhəridir. Azərbaycan Respublikasının 25 aprel 2008-ci il tarixli Qanunu ilə Xanlar rayonunun adı Göygöl rayonu olaraq dəyişdirilmişdir.
Tarixi thumb|right|200px|Göygöl rayonu
Göygöl şəhəri 22 aprel 1819-cu ildə alman kolonistləri tərəfindən Yelenendorf () adı ilə salınmışdır. İlk dövrdə Helenendorfda 56 ailə yaşamışdır. Yaşayış məntəqəsində alman memarlığı üslubunda evlər tikilmiş, altı küçə salınmış, məktəb və digər ictimai müəssisələr yaradılmışdır. 1821-ci ildə İsveçrə missionerlərinin iştirakı ilə burada sinod çağırılmış və Zaqafqaziyadakı alman icmaları üçün kilsə nizamnaməsi qəbul edilmişdir.
XIX əsrdə Helenendorfda sənətkarlıq, üzümçülük və şərabçılıq inkişaf etmişdir. 1842-ci ildə məktəb tikilmiş, 24 aprel 1854-cü ildə Yohann kilsəsinin təməl daşı qoyulmuş, 1890-cı ildə peşə məktəbi yaradılmışdır. 1893-cü ildən koloniyada ictimai yığıncaqlar keçirilmişdir.
XIX əsrin sonu – XX əsrin əvvəllərində Yelenendorfda şərab istehsalı və ticarət genişlənmiş, dəyirman və digər təsərrüfat obyektləri fəaliyyət göstərmişdir. 1911-ci ildə yaşayış məntəqəsində 1054 bina, o cümlədən 415 yaşayış evi mövcud olmuşdur.
Rayon 1930-cu ildə yaradılmışdır. 1938-ci ildə rayon Xanlar Səfərəliyevin şərəfinə Xanlar rayonu, Yelenendorf isə Xanlar şəhəri adlandırılmışdır. 25 aprel 2008-ci ildə rayonun adı Göygöl rayonu, inzibati mərkəzinin adı isə Göygöl şəhəri olaraq dəyişdirilmişdir.
Coğrafi mövqeyi
Relyefi thumb|250px|Maralgöl Göygöl rayonu Azərbaycan Respublikasının qərbində, dağlıq və dağətəyi zonada yerləşir. Rayonun ən yüksək nöqtəsi Murovdağ silsiləsində yerləşən, hündürlüyü 3724 metr olan Gamışdağdır. Rayon şimalda Gəncə şəhəri və Samux rayonu, şərqdə Goranboy rayonu, cənubda Kəlbəcər rayonu, cənub-qərbdə Daşkəsən rayonu, qərbdə isə Şəmkir rayonu ilə həmsərhəddir. Rayon ərazisi şimaldan cənuba 55 km, qərbdən şərqə 36 km uzanır.
Rayonun sahəsi 916,7 km² və ya 91 675 hektardır. Bunun 58.652 hektarı məhsuldar torpaqların, 40.978 hektarı heyvandarlıq üçün otlaqların, 13.362,5 hektarı əkin sahələrinin, 698,7 hektarı isə meyvə bağlarının payına düşür.
İqlimi thumb|250px|Rayonun dağları Göygöl rayonunda iqlim göstəriciləri yüksəklikdən asılı olaraq dəyişir. Dağətəyi ərazilərdə və alçaq dağlıqda qışı quraq keçən mülayim-isti, orta dağlıqda qışı quraq keçən soyuq, yüksək dağlıqda isə dağ-tundra iqlimi yayılmışdır. Havanın orta illik temperaturu rayonun aşağı ərazilərində 10 °C-dən yüksək, bəzi yüksək dağlıq ərazilərdə isə 0 °C-yə yaxındır. İllik yağıntının miqdarı 500–900 mm arasında dəyişir. Yağıntılar əsasən yaz və payızın əvvəllərində düşür.
Bitki örtüyü Rayon ərazisinin 17,3 faizini meşələr əhatə edir. Meşələr əsasən şərq fıstığı, Qafqaz vələsi, Qafqaz palıdı və şərq palıdından ibarətdir. Cənub yamaclarında vələs, şimal yamaclarında fıstıq və fıstıq-vələs, yuxarı meşə qurşağında və quru yamaclarda isə palıd və palıd-vələs meşələri yayılmışdır. Meşənin yuxarı sərhədində tozağacı, aşağı hissələrində isə itburnu, doqquzdon, quşarmudu, moruq, yemişan, alça və digər ağac və kol növlərinə rast gəlinir.
Göllər Rayon ərazisində Göygöl, Maralgöl, Zəligöl, Ağgöl, Şamlıgöl, Ördəkgöl, Ceyrangöl və Qaragöl yerləşir. Bu göllər Kəpəz dağında baş vermiş uçqunların yaratdığı təbii bəndlərlə əlaqədar formalaşmışdır.
Göygöl dəniz səviyyəsindən 1556 metr yüksəklikdə yerləşir. Gölün su səthinin sahəsi təxminən 80 hektar, uzunluğu 2450 metr, eni 595 metr, maksimal dərinliyi isə 95 metrdir. Suyunun həcmi təxminən 24 milyon kubmetrdir.
Maralgöl dəniz səviyyəsindən 1902 metr yüksəklikdə yerləşir. Sahəsi 23 hektar, maksimal dərinliyi 60 metrdir. Gölün ətrafında subalp çəmənlikləri yayılmışdır.
Çaylar Rayonun əsas çayları Kürəkçay, Gəncəçay və Qoşqarçaydır. Çayların suyundan əsasən suvarmada istifadə olunur və su səviyyəsi yaz aylarında yüksəlir.
Kürəkçayın uzunluğu 108 km, sutoplayıcı hövzəsinin sahəsi 2080 km²-dir. Mənbəyi dəniz səviyyəsindən 3100 metr yüksəklikdə yerləşir. Kürəkçay Kürün sağ qoludur.
Gəncəçayın uzunluğu 98 km, sutoplayıcı hövzəsinin sahəsi 752 km²-dir. Çay Kür hövzəsinə daxildir.
Əhalisi
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 1 yanvar 2026-cı il tarixinə Göygöl rayonunun əhalisi təxminən 65,4 min nəfər olmuşdur.
Etnik tərkibi Etnikqrup 1999-cu ilPopulation statistics of Eastern Europe : Ethnic composition of Azerbaijan by 1999 census 2009-cu ilPopulation statistics of Eastern Europe : Ethnic composition of Azerbaijan by 2009 census 2019-cu ilPopulation statistics of Eastern Europe : Ethnic composition of Azerbaijan by 2019 census Sayı % Sayı % Sayı % cəmi 53 266 100.00% 57 191 100.00% 63 191 100.00% azərbaycanlı 51 950 97.53% 57 071 99.79% 62 748 99.30% kürd 123 0.23% 34 0.06% 26 0.04% rus 95 0.18% 33 0.06% 19 0.03% talış 1 0.00% 5 0.01% … … ləzgi 2 0.00% 5 0.01% 1 0.00% erməni 8 0.02% 5 0.01% 2 0.00% türk 999 1.88% … … 320 0.51% ukraynalı 34 0.06% … … 1 0.00% tatar 10 0.02% … … 1 0.00% digər 44 0.08% 38 0.07% 73 0.12%
İri yaşayış məntəqələri Göygöl şəhəri, Ağdağ qəsəbəsi, Aşağı Zurnabad qəsəbəsi, Qızılqaya qəsəbəsi, Hacıməlik qəsəbəsi, Bəhrambağ qəsəbəsi, Firuzabad qəsəbəsi, Aşıqlı kəndi, Keşkü kəndi, Üçbulaq kəndi, Mollacəlilli kəndi, Çaykənd kəndi, Yeni Zod kəndi, Bənövşəli kəndi, Qarabulaq kəndi, Quşçu kəndi, Sarısu kəndi, Toğanalı kəndi, Əzgilli kəndi, Göyçəkənd kəndi, Pənahlılar kəndi, Çaylı kəndi, Dozular kəndi, Topalhəsənli kəndi, Zurnabad kəndi, Gəncə kəndi, Tulallar kəndi, Şəhriyar kəndi, Kərəmli kəndi, Balçılı kəndi, Cümşüdlü kəndi, Qırıqlı kəndi, Haçaqaya kəndi, Sərkar kəndi, Quşqara kəndi, Səmədli kəndi, Xaqani kəndi, Nadil kəndi, Əlimədədli kəndi, Qızılca kəndi, Damcılı kəndi, Danayeri kəndi, Yalqışlaq kəndi, Yeni Qızılca kəndi və Üçtəpə kəndi rayonun yaşayış məntəqələrinə daxildir.
İqtisadi xarakteristikası Rayonun əsas kənd təsərrüfatı sahələrini taxılçılıq, kartofçuluq, maldarlıq, qoyunçuluq, meyvəçilik, tərəvəzçilik, arıçılıq, quşçuluq və üzümçülük təşkil edir. Üzümçülük və heyvandarlıq rayonun kənd təsərrüfatında ənənəvi sahələrdəndir.
Orta hesabla ildə 14 915,7 ton taxıl, 3204 ton kartof, 3150 ton tərəvəz, 3661 ton meyvə və giləmeyvə, 3299 ton ət, 24 908 ton süd, 171 ton yun və 9 881 000 ədəd yumurta istehsal olunur.
Rayonda 122 özəl müəssisə, o cümlədən 94 məhdud məsuliyyətli cəmiyyət, 21 kiçik müəssisə və 7 kəndli-fermer təsərrüfatı, həmçinin 16 dövlət müəssisəsi fəaliyyət göstərir.
Dövlət müəssisələri arasında Çaykənd qızılbalıq artırma zavodu, "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin Qərb Regional İdarəsinin Göygöl Təsərrüfatı və Azərbaycan Dəmir Yollarının 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin Qızılca Qırma Daş İstehsal Sahəsi fəaliyyət göstərir. Bu müəssisələrdə müvafiq olaraq qızılbalıq körpələrinin yetişdirilməsi, dənli və dənli-paxlalı bitkilərin və iribuynuzlu mal-qaranın yetişdirilməsi, həmçinin qırmadaş istehsalı həyata keçirilir.
Özəl sektorda şərabçılıq və spirt istehsalı, üzümçülük, yüngül sənaye və gigiyenik kağız məmulatlarının istehsalı təmsil olunur. Ayrı-ayrı təsərrüfatlarda 352 və 295 hektarlıq üzüm bağları mövcuddur. Rayonda həmçinin təsərrüfat əlcəkləri, gigiyenik kağız məmulatları və etil spirti istehsal olunur.
İdman Rayonda sərbəst güləş, futbol, voleybol, basketbol, aşihara karate-kaykan, taekvando, kikboksinq, cüdo, MMA, üzgüçülük, boks, savat və digər idman növləri üzrə qruplar fəaliyyət göstərir.
Rayonda bədən tərbiyəsi və idman fəaliyyəti ilə məşğul olan 60 təşkilat mövcuddur. Bunlardan 46-sı ümumtəhsil məktəbi, biri Göygöl Olimpiya İdman Kompleksi, biri idman məktəbi, 12-si isə idman klubudur. Bu təşkilatlarda 84 ali və orta ixtisas təhsilli məşqçi-müəllim fəaliyyət göstərir. İdman bölmələrinə 860 nəfər cəlb olunmuşdur. Ümumtəhsil məktəblərində bədən tərbiyəsi dərslərində iştirak edənlərin sayı 10.650 nəfərdir.
Rayonda 96 idman qurğusu mövcuddur. Bunlara 1300 yerlik Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 600 yerlik Göygöl Mərkəzi Şəhər Stadionu, 34 ümumtəhsil məktəbinin idman zalı, bir atıcılıq tiri və 50 sadə idman qurğusu daxildir.
Gənclər 2025-ci ildə rayonda gənclərin sayı 14 130 nəfər olmuşdur. Onlardan 7607 nəfəri kişi, 6523 nəfəri qadındır.
Rayonda gənclər və idman sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Göygöl rayonu üzrə gənclər və idman sektoru məşğul olur. Sektor gənclərin asudə vaxtının təşkili, idman, təhsil və maarifləndirmə tədbirlərinin keçirilməsi istiqamətində fəaliyyət göstərir.
Göygöl şəhərində 2014-cü ildən Gənclər Mərkəzi fəaliyyət göstərir. Mərkəzdə 200 nəfərlik akt zalı, linqafon otağı, rəqs otağı və digər fəaliyyət sahələri mövcuddur. Göygöl rayonu 2021-ci il üçün Azərbaycanın "Gənclər Paytaxtı" seçilmişdir.
Maddi-mədəni irsi Rayon ərazisində XII, XIV, XVI və XIX əsrlərə aid 31 yerli əhəmiyyətli tarix və memarlıq abidəsi mövcuddur. Bunlardan səkkizi kurqan, nekropol və açıq düşərgə, digərləri isə bina və körpülərdir.
Göygöl şəhərində 1854-cü ildə əsası qoyulmuş Yohann kilsəsi, XVI əsrə aid ikigözlü körpü, 1896-cı ildə tikilmiş üçgözlü körpü və XII əsrə aid Ağ körpü yerləşir. Şəhərdə XIX əsrdə alman kolonistləri tərəfindən inşa olunmuş bir sıra digər memarlıq abidələri də mövcuddur.
Zurnabad kəndində XII əsrə aid qala, keçmiş Sarıqaya kəndində XVI əsrə aid türbə, Dozular kəndində XVI əsrə aid birgözlü körpü, Topalhəsənli kəndində ikitağlı daş körpü, Şəhriyar kəndində 1674-cü ildə tikilmiş Qabriyel kilsəsi, Çaykənd kəndində Anahid məbədi və Müqəddəs Məryəm kilsəsi yerləşir. Yeni Zod kəndi yaxınlığında Alban kilsəsi və məbədi, Balçılı və Üçbulaq kəndlərinin ərazisində "Qız qalası", Köşkü kəndində Dəmir dövrünə aid kurqan, Balçılı və Quşqara kəndlərinin ərazisində isə Tunc dövrünün sonu və Dəmir dövrünün əvvəlinə aid qəbirlər mövcuddur.
Rayonda Milli Yaylaq Festivalı, Moruq Festivalı, "Qərbi Azərbaycan İrsi – Tarixi köklərə qayıdış" və "Göygöl Brendi-Konyak Günü" kimi festivallar və digər kütləvi tədbirlər keçirilir.
İstinadlar
Kateqoriya:1930-cu ildə yaranmış dövlətlər və ərazilər